Futbol üzrə İtaliya yığma komandasının və “Cenoa”nın mərkəz hücumçusu Ceff Exator bundan sonra “Yuventus”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, Turin təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.
19 yaşlı futbolçu ilə 5 illik (2031-ci il iyunun 30-na qədər) müqavilə imzalanıb.
Klubun rəsmi məlumatına görə, transfer üçün “Cenoa”ya 16 milyon avro ödəniləcək. Bu məbləğ üç hissə şəklində köçürüləcək. Bundan əlavə, “Yuventus” sövdələşmənin rəsmiləşdirilməsi ilə bağlı əlavə 400 min avro xərc çəkəcək.
Maraqlıdır ki, Turin klubu futbolçunu bazar dəyərindən aşağı məbləğə heyətinə qatıb. “Transfermarkt” Ceff Exatorun transfer dəyərini 18 milyon avro qiymətləndirir.
Ceff Exator “Cenoa”nın yetirməsidir. Gənc hücumçu ötən mövsüm Genuya komandasının əsas heyət üzvlərindən biri olub. O, bütün turnirlərdə 32 oyuna çıxaraq 4 qol vurub. Exatorun Genuya təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulmuşdu.
Xatırladaq ki, “Yuventus” 2025/2026 mövsümündə A Seriyasını 69 xalla 6-cı pillədə başa vurub və növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyib.


