Pape Qeye: “Bu məşqçilər heyəti ilə millidə oynamayacağam”

Seneqal millisinin və İspaniyanın “Vilyarreal” klubunun yarımmüdafiəçisi Pape Qeye milli komandadakı gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu DÇ-2026-nın 1/16 finalında Belçikaya dramatik şəkildə 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra sosial şəbəkə hesabında paylaşım edərək, hazırkı məşqçilər korpusu vəzifədə qaldığı müddətdə Seneqal millisində çıxış etməyəcəyini bildirib.

Qeye paylaşımında bildirib:

“Mundialdan kənarda qalmağımızla bağlı sonradan daha ətraflı danışacağam. Amma indidən elan edirəm ki, bu məşqçilər heyəti qaldığı müddətdə millidən fasilə götürəcəyəm”.

Belçika ilə görüşdə Seneqal 85-ci dəqiqəyədək 2:0 hesabı ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyib. Romelu Lukaku və Yuri Tilemansın qolları hesabı bərabərləşdirib, əlavə vaxtda isə Tilemansın penalti qolu afrikalıların mundialla vidalaşmasına səbəb olub. Qeye bu oyunda 66-cı dəqiqədə əvəzlənib. Futbolçu sonradan bu əvəzlənmədən narazı qaldığını da gizlətməyib.

DÇ-2026 Qeye üçün uğurlu turnirlərdən biri olub. O, 4 matçda meydana çıxaraq 2 qol vurub. Futbolçu hər iki qolu qrup mərhələsində İraq üzərində qazanılan 5:0 hesablı qələbədə rəqib qapısından keçirib.

2021-ci ildən Seneqal millisinin formasını geyinən yarımmüdafiəçi indiyədək milli komandada 45 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyenin qərarı Seneqal futbolunda ciddi rezonans doğurub. Mətbuatın yazdığına görə, bu addım komandanın DÇ-2026-dakı uğursuz çıxışından sonra baş məşqçi Pape Tiavın rəhbərlik etdiyi məşqçilər korpusuna qarşı narazılığın açıq şəkildə ifadəsi kimi qiymətləndirilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: