Futbol üzrə İspaniya milli komandasının hücumameyilli yarımmüdafiəçisi Brais Mendes bundan sonrakı karyerasını ABŞ-də davam etdirəcək.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu İspaniyanın “Real Sosyedad” klubundan MLS təmsilçisi “Kolumbus Kru”ya transfer olunub.
Keçid barədə Amerika klubunun mətbuat xidməti rəsmi məlumat yayıb.
Mendes yeni klubu ilə 2028/2029-cu illər mövsümünün sonunadək nəzərdə tutulmuş müqavilə imzalayıb. Sazişdə klubun istəyinə əsasən onu daha bir mövsüm – 2029/2030-cu illər mövsümünün sonunadək uzatmaq hüququ da yer alıb. İspan futbolçu komandaya MLS-də xüsusi statusa malik “Designated Player” (Təyin olunmuş oyunçu) kimi qoşulacaq.
Transferin maliyyə detalları açıqlanmasa da, Avropa mətbuatının məlumatına görə, “Kolumbus Kru” bu keçid üçün təxminən 6 milyon avro ödəyib.
Klubun baş meneceri İssa Tall transferdən məmnunluğunu ifadə edib:
“Braisi komandamızda görməkdən çox məmnunuq. O, dünyanın ən güclü çempionatlarından birində nümayiş etdirdiyi yüksək texniki bacarıq və oyun intellekti ilə heyətimizə ciddi güc qatacaq. İnanırıq ki, həm qısa, həm də uzunmüddətli perspektivdə komandamıza böyük fayda verəcək”.
Brais Mendes peşəkar karyerası ərzində yalnız İspaniya La Liqasında çıxış edib. O, əvvəlcə “Selta”, daha sonra isə “Real Sosyedad” forması geyinib. Təcrübəli yarımmüdafiəçi La Liqada ümumilikdə 332 oyunda 55 qol və 42 məhsuldar ötürmə ilə yadda qalıb.
Mendes “Real Sosyedad”ın heyətində İspaniya Kubokunun 2025/2026-cı illər mövsümünün qalibi olub. İspaniya millisində isə 4 oyuna çıxmış yarımmüdafiəçi 1 qola imza atıb.
Xatırladaq ki, “Kolumbus Kru”da Azərbaycan milli komandasının üzvü Nəriman Axundzadə də forma geyinir.


