İtaliyanın “Komo” klubu yay transfer pəncərəsi dönəmində daha iki futbolçunu (Luis Milya və Mattiya Liberali) heyətinə cəlb edib.
Arena.az xəbər verir ki, 31 yaşlı Luis Milya “Xetafe”dən 6 milyon avro qarşılığında transfer olunub. İspan futbolçu ilə 2029-cu ilin iyun ayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
Mərkəz yarımmüdafiəçisi olan Milya son üç mövsümü “Xetafe”də keçirib və komandanın əsas oyunçularından birinə çevrilib. O, Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 134 oyuna çıxıb, 3 qol vurub və 20 məhsuldar ötürmə edib. Xüsusilə ötən mövsüm La Liqada 1 qol və 10 assistlə yadda qalaraq çempionatın ən məhsuldar yarımmüdafiəçilərindən biri olub.

“Komo”nun ikinci transferi isə 19 yaşlı hücumameyilli yarımmüdafiəçi Mattiya Liberali olub. Klub onu “Katanzaro”dan 6 milyon avro qarşılığında transfer edib. Müqaviləyə əsasən, bu məbləğin 50 faizi (3 milyon avro) Liberalinin yetirməsi olduğu “Milan” klubuna ödəniləcək.
İtaliyanın aşağı yaş qrupları üzrə millilərinin üzvü olan Liberali ölkəsinin ən perspektivli futbolçularından biri hesab olunur. O, “Milan” akademiyasının yetirməsidir, daha sonra “Katanzaro”ya keçərək ötən mövsüm 23 çempionat oyununda 3 qol vurub. 2024-cü ildə İtaliya ilə 17 yaşadək futbolçular arasında Avropa çempionu olub və turnirin rəmzi komandasına seçilib.

Baş məşqçi Sesk Fabreqasın rəhbərlik etdiyi “Komo” yeni mövsüm öncəsi transfer bazarında ən fəal klublardan biri kimi diqqət çəkir. Klub rəhbərliyi həm təcrübəli futbolçuların, həm də gənc istedadların cəlb olunması ilə komandanın rəqabət qabiliyyətini artırmağı hədəfləyir. Sözügedən komanda yeni mövsümdə tarixində ilk dəfə İtaliyanı UEFA Çempionlar Liqasında təmsil edəcək.


