Kristiano Ronaldo: “Milli ilə bağlı qərarı DÇ-dən sonra verəcəyəm”

Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo milli komandadakı gələcəyi ilə bağlı yekun qərarını DÇ-2026 başa çatdıqdan sonra verəcəyini açıqlayıb.

Arena.az xəbər verir ki, 41 yaşlı hücumçunun bu açıqlaması bacısı Katya Aveyronun mundialın Ronaldonun milli komandadakı son turniri olacağını deməsindən sonra gəlib.

Kristiano Ronaldo bildirib ki, hazırda bütün diqqətini dünya çempionatına yönəldib:

“Hazırda gələcəyim heç bir əhəmiyyət daşımır. Hər şeyi düşünmək üçün kifayət qədər vaxtım olacaq. Turnir başa çatdıqdan sonra – qalib gəlməyimizdən və ya uduzmağımızdan asılı olmayaraq – ailəmlə danışacağam və mənim üçün ən doğru qərarı verəcəyəm. Artıq qərarları tələsik qəbul etmirəm, hər şeyə sakit və ölçülüb-biçilmiş şəkildə yanaşıram. İndi isə sadəcə bu anın dadını çıxarmaq lazımdır”.

Bundan əvvəl Ronaldonun bacısı Katya Aveyro Sport TV-yə açıqlamasında DÇ-2026-nın qardaşı üçün Portuqaliya millisində son turnir olacağını söyləmişdi.

Portuqaliya 1/16 finalda Xorvatiyanı 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Həmin görüşdə Ronaldonun penalti qolu onun dünya çempionatlarının pley-off mərhələsində vurduğu ilk qol kimi tarixə düşüb. Portuqaliya növbəti mərhələdə İspaniya millisi ilə qarşılaşacaq.

Ronaldodan Modriçə dəstək mesajı

Kristiano Ronaldo matçdan sonra Xorvatiya millisinin kapitanı Luka Modriçlə söhbət etdiyini də açıqlayıb. Portuqaliyalı ulduz uzun illər “Real”da birgə çıxış etdiyi komanda yoldaşına xoş arzularını çatdırdığını bildirib:

“Modriçlə uzun illər birlikdə oynamışıq. Onun hələ də ən yüksək səviyyədə çıxış etməsini görmək çox xoşdur. Oyundan sonra onunla danışdım. Onu yenidən gördüyümə görə çox sevindiyimi söylədim və gələcək karyerasında uğurlar arzuladım”.

Qeyd edək ki, Modriçin DÇ-2026-dan sonra futbolçu karyerasını başa vuracağı ilə bağlı iddialar səslənsə də, xorvatiyalı yarımmüdafiəçi bu barədə hələlik rəsmi açıqlama verməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: