Angelos Postekoqlu – “Əl-Nəsr”in yeni baş məşqçisi!

Yunanəsilli avstraliyalı mütəxəssis Angelos Postekoqlu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının yeni baş məşqçisi təyin edilib.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

60 yaşlı mütəxəssislə 2028-ci ilin yayına qədər nəzərdə tutulmuş 2 illik müqavilə imzalanıb. Postekoqlu komandaya yeni mövsümdən rəhbərlik edəcək.

Avstraliyalı mütəxəssis əvvəllər Avstraliyanın U-17, U-20 millilərinə, həmçinin əsas yığmaya rəhbərlik edib. Yunan əsilli məşqçi “Cənubi Melburn”, “Panaxaiki”, “Bransuik Yuventus”, “Brisben Roar”, “Yokohama”, “Melburn Viktori” kimi klublarda da çalışıb. O, “Cənubi Melburn” və “Brisben Roar”la Avstraliya Çempionatının qalibi olub. Təcrübəli çalışdırıcı məşqçilik karyerası ərzində İngiltərənin “Tottenhem” və “Nottingem Forest”, Şotlandiyanın “Seltik” komandalarını da çalışdırıb. O, xüsusilə “Seltik”də qazandığı uğurlarla diqqət çəkib. Şotlandiya klubunda fəaliyyət göstərdiyi müddətdə beş titul əldə etmiş Postekoqlu daha sonra “Tottenhem”i tarixində ilk dəfə Avropa Liqasının qalibi etməklə adını klub salnaməsinə yazdırıb.

Mütəxəssisin son iş yeri “Nottingem Forest” olub. O, İngiltərə klubundan 2025-ci ilin oktyabrında ayrılmışdı.

Qeyd edək ki, Postekoqlunun rəhbərliyi altında “Əl-Nəsr” yeni mövsümdə həm Səudiyyə Ərəbistanı çempionluğu, həm də beynəlxalq arenada uğurlu çıxış üçün mübarizə aparmağı hədəfləyir. Klubun heyətində Kristiano Ronaldo kimi dünya futbolunun ən böyük ulduzlarından biri çıxış edir. Sözügedən komanda ötən mövsümü Jorje Jezusun rəhbərliyi altında keçirib və Səudiyyə Ərəbistanı çempionu olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: