Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatları tarixində pley-off mərhələsində ən çox qələbə qazanan baş məşqçi olub.
Arena.az xəbər verir ki, 69 yaşlı mütəxəssis bu rekorda DÇ-2026-nın 1/8 finalında Paraqvay üzərində qazanılan 1:0 hesablı qələbədən sonra imza atıb.
Beləliklə, Deşam mundialların pley-off mərhələsində 10-cu qələbəsini əldə edərək buna nail olan ilk baş məşqçi kimi tarixə düşüb.
Deşamın rəhbərliyi altında Fransa millisi dünya çempionatlarının pley-off mərhələsində 2014-cü ildə 1, 2018-ci ildə 4, 2022-ci ildə 3, 2026-cı ildə isə artıq 2 qələbə qazanıb. O, “xoruzlar”ı 2018-ci ildə dünya çempionluğuna, 2022-ci ildə isə dünya çempionatının gümüş medallarına aparıb.
Təcrübəli mütəxəssis cari mundialda daha bir tarixi göstəriciyə imza atıb. İsveç üzərində 3:0 hesablı qələbədən sonra dünya çempionatlarında baş məşqçi kimi ən çox qalib gələn çalışdırıcı olan Deşam Paraqvay matçından sonra bu rekordunu daha da yaxşılaşdıraraq qələbələrinin sayını 18-ə çatdırıb. O, bu göstəricidə Almaniya millisinin sabiq baş məşqçisi Helmut Şönü geridə qoyub.
Hazırda Deşam dünya çempionatlarında baş məşqçi kimi 23 oyun keçirib. Bu göstəricidə rekord hələ də 25 matçla Helmut Şönə məxsusdur. Fransa millisi turnirdə irəliləyəcəyi təqdirdə Deşam bu rekordu da yeniləmək imkanı əldə edəcək.
Xatırladaq ki, Didye Deşam daha əvvəl DÇ-2026 başa çatdıqdan sonra Fransa millisinin baş məşqçi postunu tərk edəcəyini açıqlayıb. Fransa yığması 1/4 finalda Mərakeş millisi ilə qarşılaşacaq.


