Norveç millisinin baş məşqçisi Stol Solbakken dünya çempionatının 1/8 finalında Braziliya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, beşqat dünya çempionları üzərində qazandıqları 2:1 hesablı qələbə barədə bunları söyləyib:
“Təəssüratım budur ki, bu axşam bütün norveçlilər qürur hissi keçirə bilər. Bu, əsl triller idi. Hər şey başqa cür də nəticələnə bilərdi. Amma biz inamlı və taktiki baxımdan düzgün oynadıq. Bəzi top itkilərimiz oldu və bunlar bizə baha başa gələ bilərdi. Bununla belə, ümumilikdə öhdəsindən gəldik və qürur duymağa əsasımız var.
Niyə qalib gəldik? Bizim oyun üslubumuz bir qədər “Mançester Siti” – “Real” (Madrid) matçlarını xatırladır. Rəqib müdafiəyə çəkilir və əks-hücumlara bel bağlayır, biz isə onları yormağa çalışırıq. Bu, ən güclü cəhətimizdir və hesab edirəm ki, bu vəzifənin öhdəsindən yaxşı gəldik”, – deyə Solbakken bildirib.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti də dünya çempionatı ilə vidalaşmalarını dəyərləndirib. İtaliyalı mütəxəssis bildirib ki, komandası təhlükəli epizodlar yaratsa da, Norveçin sıx müdafiəsinə qarşı həddindən artıq risk etmək mümkün olmayıb:
“Matçın əvvəlində oyuna nəzarət etdiyimizi və təhlükəli vəziyyətlər yaratdığımızı düşünürdüm. Lakin Norveç çox etibarlı müdafiə olunurdu. Belə rəqibə qarşı həddindən artıq təzyiq göstərmək böyük risk idi”, – deyə Ançelotti bildirib.
Təcrübəli çalışdırıcı matçın əvvəlində Bruno Gimaraynsın yerinə yetirə bilmədiyi penalti ilə bağlı qərara da aydınlıq gətirib:
“Bizim statistik təhlillərimizə görə, ən yaxşı penalti vuran futbolçu Neymar idi, ondan sonra Rafinya, daha sonra isə Bruno gəlirdi. Neymar və Rafinya start heyətində olmadıqları üçün meydandakı ən uyğun seçim Brunonun olduğunu düşündük”.
Ançelotti əlavə edib ki, Braziliya millisinin xüsusilə yarımmüdafiə xəttində yeni və yüksək səviyyəli futbolçulara ehtiyacı var:
“Biz işimizi davam etdirəcəyik və yeni ideyalar axtaracağıq. Komandaya gənc istedadlar və yüksək səviyyəli oyunçular lazımdır. Düşünürəm ki, yaxşı iş gördük. Amma bu futboldur, idmandır. Bəzən məğlubiyyəti qəbul etmək lazımdır”.


