Futbol üzrə dünya çempionatının (DÇ-2026) 1/8 finalında Norveçlə oyun Braziliya millisinin hücumçusu Neymar üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu bu matçın 67-ci dəqiqəsində meydana daxil olmaqla dünya çempionatlarında keçirdiyi oyunların sayını 15-ə çatdırıb.
Bununla o, Braziliya futbolunun əfsanəsi Peleni (14 oyun) geridə qoyub. Braziliya millisinin rekordçusu isə 20 mundial matçı ilə Kafu olaraq qalır.
Neymar qarşılaşmanın ikinci hissəsinə əlavə olunmuş 10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirərək millidə 2023-cü ildən bəri ilk qolunu vurub. O, sonuncu dəfə 2023-cü ildə dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda (5:1) dubl etmişdi.
Bu qol “Ney” üçün dünya çempionatları tarixində 9-cu olub. O, 2014-cü il mundialında 4, 2018 və 2022-ci illərdə hərəyə 2, 2026-cı il turnirində isə 1 qol vurub.
Bununla Neymar daha bir tarixi nailiyyətə imza ataraq Peledən sonra dünya çempionatlarının dörd müxtəlif final mərhələsində qol vurmuş ikinci braziliyalı futbolçu olub. Pele 1958, 1962, 1966 və 1970-ci illərdə keçirilən mundiallarda fərqlənmişdi.
Norveçlə oyundakı qoldan sonra ulduz futbolçunun Braziliya millisindəki qol sayı 80-ə yüksəlib. O, bu göstərici ilə komandanın tarixində ən yaxşı bombardir olaraq qalır.
Buna baxmayaraq, Braziliya 1:2 hesablı məğlubiyyətlə dünya çempionatının 1/8 final mərhələsində mübarizəni dayandırıb.


