İspaniya millisi DÇ tarixinə yeni rekordla düşdü

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-da İspaniya millisi dünya çempionatları tarixində unikal rekorda imza atıb.

Arena.az xəbər verir ki, 1/8 finalda Portuqaliyanı 1:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlmiş ispanlar dünya çempionatları tarixində ardıcıl altı oyunda qol buraxmayan ilk komanda olublar.

Bu seriyanın başlanğıcı DÇ-2022-nin 1/8 final mərhələsinə təsadüf edir. Həmin vaxt İspaniya Mərakeşlə əsas və əlavə vaxtı qolsuz bərabərə başa çatan görüşdə penaltilər seriyasında məğlub olsa da, oyunu qol buraxmadan başa vurmuşdu. Ardınca DÇ-2026-da keçirdiyi beş qarşılaşmanın hamısında qapısını toxunulmaz saxlamış komanda rekordunu 6 matça çatdırıb.

Buna qədər rekord beş oyunla İtaliya və İsveçrəyə məxsus idi. İtaliya yığması bu göstəriciyə 1990-cı il dünya çempionatında nail olmuşdu. İsveçrə isə DÇ-2006-dakı dörd oyunu və DÇ-2010-un ilk turunda İspaniya üzərində qazandığı 1:0 hesablı qələbə ilə birlikdə ardıcıl beş matç qol buraxmamışdı.

İspaniya millisi 1/4 finalda Belçika yığması ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: