Futbol üzrə son ölkə çempionu, tarixində ilk dəfə çempionluq sevinci yaşamış “Sabah” UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.
Arena.az xəbər verir ki, bu, komandanın Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin ilk oyununda Uels təmsilçisi TNS-i məğlub etməsi sayəsində mümkün olub.
Masazır təmsilçisi ötən gün doğma meydanda baş tutmuş görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. Azərbaycan təmsilçisinin qalibiyyəti ölkəyə 0,250 əmsal qazandırıb.
Azərbaycan hazırda (18,812 əmsal) 26-cı pillədə qərarlaşıb. 27-ci sırada Slovakiya (18,250), 25-ci mövqedə İsrail (20,750) yer alıb.
Xatırladaq ki, UEFA reytinqində İngiltərə 101,852 əmsalla vahid liderdir. İtaliya (87,660) ikinci, İspaniya (82,368) üçüncü pillədə qərarlaşıb. Almaniya (80,116) dördüncü, Fransa (67,653) beşinci yerdə qərarlaşıb.
“Sabah” TNS-ə qarşı cavab oyununu bir həftə sonra səfərdə keçirəcək. Avrokuboklardakı digər təmsilçilərimizdən “Zirə” ilk oyununu bu gün, “Qarabağ” isə sabah keçirəcək.


