Yan Zommer Belçika klubu ilə anlaşdı

Bu yay İtaliyanın “İnter” klubundan azad agent kimi ayrılmış isveçrəli qapıçı Yan Zommer bundan sonra “Brügge”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Belçika klubunun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı qolkiper yeni komandasına azad agent statusu ilə keçib. Onun müqaviləsinin müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulub.

Xatırladaq ki, Zommer “İnter”ə 2023-cü ilin avqustunda 6,75 milyon avro məbləğ müqabilində “Bayern”dən keçmişdi. İsveçrəli 37 yaşlı qapıçının “İnter” karyerası ümumilikdə 139 oyun, 120 buraxılmış qol və 66 “quru” oyundan ibarətdir.

Zommer “İnter”lə 2 dəfə İtaliya çempionu olub, İtaliya Kubokunu və İtaliya Super Kubokunu qazanıb.

Yan Zommer heyətində çıxışını artıq başa vurduğu İsveçrə yığmasında 2012-ci ilin may ayında debüt edib. Yan İsveçrə yığmasında 94 oyun keçirib və 92 qol buraxıb, 35 oyundan isə “quru” qurtulub.

Zommer “İnter”dən öncə “Bayern”, “Borussiya” (Mönhenqladbax), “Qrasshopper”, “Vaduts” və “Bazel”də çıxış edib.

“Transfermarkt” internet-portalı 37 yaşlı isveçrəli qapıçının transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: