Futbol üzrə Xorvatiya milli komandasının sabiq müdafiəçisi Dario Şimiç korrupsiya işi üzrə aparılan istintaq çərçivəsində saxlanılıb.
Arena.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Xorvatiyanın Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Bürosu (USKOK) eyni iş üzrə keçmiş dövlət məmuru Neda Livlyaniç və iş adamı Marin Mikşiçi də saxlayıb.
İstintaqın versiyasına əsasən, Şimiç vasitəçi Mikşiçin köməyi ilə həmin dövrdə turizm şöbəsinə rəhbərlik edən Livlyaniçlə razılığa gəlib və 2020–2021-ci illərdə turizm fəaliyyəti üçün tələb olunan icazəni qanunsuz yolla əldə edib.
Şimiçin vəkili bildirib ki, müvəkkili ittihamları qəbul etmir. Məhkəmə istintaqı dövründə sabiq futbolçunun barəsində həbs qətimkan tədbiri seçilməyib, araşdırma isə davam edir.
50 yaşlı Dario Şimiç peşəkar futbolçu karyerasını 2010-cu ildə başa vurub. O, karyerası ərzində “Dinamo” (Zaqreb), “İnter”, “Milan” və “Monako” klublarında çıxış edib. Şimiç “Milan”ın heyətində 2002/2003 və 2006/2007 mövsümlərində UEFA Çempionlar Liqasının qalibi olub. O, Xorvatiya millisi ilə də 1998-ci il dünya çempionatının bürünc medalını qazanıb.


