Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” qanalı dayaq yarımmüdafiəçisi Ezekiel Morqan ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi 24 yaşlı futbolçuya xidmətləri üçün təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Ezekiel Morqan ötən ilin yayından “İmişli”də oynayırdı. Yarımmüdafiəçi əyalət təmsilçisinin heyətində 35 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Ezekiel daha öncə ölkəsində “Tudu Mayti Jets” klubunda çıxış edib. 2023-cü ildən Azərbaycanda olan dayaq yarımmüdafiəçisinin ölkəmizdə ilk ünvanı “Kəpəz” olub. Amma Gəncə klubu onu elə həmin il “İmişli”yə icarəyə verib. Bir sözlə, Ezekiel “İmişli” üçün tanış sima idi. Morqan bir mövsüm “Karvan”da da icarədə olub.
Xatırladaq ki, “İmişli” daha öncə Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə, Hüseynəli Quliyev, Rafael Vyeqas və Andrey Sinenka ilə də yollarını ayırmışdı. Tuncay Yusifli, İdris İnqilablı, İmam Əli ilə yeni müqavilə bağlamış əyalət klubu Seyxan Fərəcov, Fərid Nəbiyev, Bəxtiyar Həsənalızadə, Sadiq Məmmədzadə və Yusif İmanovu heyətinə qatıb.


