İngiltərənin “Mançester Siti” klubundan ayrılan Serxio Aquero bundan sonra karyerasını İspaniya nəhəngi “Barselona”da davam etdirəcək.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
32 yaşlı argentinalı hücumçu ilə 2 illik müqavilə imzalanıb. “Barselona” ona qiymət də qoyub. 2023-cü ilin yayından öncə onu heyətində görmək istəyən klub kataloniyalılara 100 milyon avro təzminat ödəməlidir.
Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən “Mançester Siti”nin formasını geyinirdi. O, bir neçə gün öncə baş tutan UEFA Çempionlar Liqasının final matçından sonra “şəhərlilər”dən rəsmən ayrılıb. Bununla da Aqueronun 10 illik “Mançester Siti” karyerası başa çatıb. Futbolçu ilə klub arasındakı müqavilənin müddəti məhz 2021-ci ilin yayında qədər idi. Anlaşmanın müddəti artırılmadığı üçün futbolçu azad agent statusu ilə “Barselona”ya keçib. İspaniya klubu onun transferinə görə heç bir məbləğ ödəməyəcək. İddiaya görə, Aquero “Barselona”da ilinə 5 milyon avro qazanacaq.
Aquero “Mançester Siti”nin heyətində keçirdiyi 10 il ərzində 390 oyuna çıxıb, 260 qola imza atıb. Hücumçu bu komandanın heyətində ən çox qol vurmuş futbolçu kimi tarixə düşüb. O, həm də İngiltərə çempionatında bir komandanın heyətində ən çox (184) qol vuran futbolçudur.
Argentinalı futbolçu “şəhərlilər”in heyətində 15 titul qazanıb. Belə ki, beş dəfə Premyer Liqanın qalibi olan Aquerolu “Mançester Siti”, altı dəfə İngiltərə Liqa Kubokunda, bir dəfə də İngiltərə Kubokunda baş mükafata sahib çıxıb. O, üç dəfə də İngiltərə Super Kubokunda çempionluq sevinci yaşayıb.
Argentina yığmasının sabiq üzvü bu mövsüm zədə səbəbindən “Mançester Siti”yə çox kömək edə bilməyib. Belə ki, o, İngiltərə Premyer Liqasında son mövsümdə cəmi 12 oyuna çıxıb. Futbolçu bu oyunlarda cəmi 4 qol vurmağı bacarıb. Mançester təmsilçisi isə 38 oyuna topladığı 86 xalla Premyer Liqanın qalibi olub.
Aquero “Mançester Siti”yə Madrid “Atletiko”sundan transfer edilmişdi. Argentinanın “İndependyente” klubunun yetirməsi olan futbolçu İspaniya klubunda 2006-2011-ci illər aralığında forma geyinib və bu klubdan Avropaya üz tutub. Serxio Argentina yığmasında da 97 oyun keçirib, 41 qola imza atıb.



