İspaniya millisinin hücumçusu Lamin Yamal dünya çempionatları tarixində final matçına start heyətində çıxan ən gənc futbolçular arasında yer alıb.
Arena.az xəbər verir ki, 19 yaşlı futbolçu (13 iyulda 19 yaşı tamam olub) DÇ-2026-nın finalında Argentina yığmasına qarşı keçirdikləri görüşə ilk dəqiqələrdən başlayıb.
Yamaldan daha gənc yaşda dünya çempionatının finalında yalnız iki futbolçu meydana çıxıb. Bunlar Braziliya millisinin əfsanəsi Pele (17 yaş 249 gün, 1958-ci il) və İtaliya yığmasının müdafiəçisi Cüzeppe Berqomidir (18 yaş 201 gün, 1982-ci il).
Əvvəllər bu göstəricidə üçüncü pillədə Fransa millisinin hücumçusu Kilian Mbappe qərarlaşırdı. O, 2018-ci il dünya çempionatının finalında 19 yaş 207 günlük olarkən start heyətində meydana çıxmışdı. Lakin Yamal və İspaniya millisinin müdafiəçisi Pau Kubarsi (19 yaş 178 gün) onu geridə qoyublar.
Qeyd edək ki, Pele, Berqomi və Mbappe dünya çempionatında final oynadıqları turnirlərdə sonradan qalib olmağı bacarıblar.
Lamin Yamal “Barselona” klubunun yetirməsidir. O, əsas komandada 2023-cü ilin aprelindən çıxış edir. Gənc futbolçu katalonlarla İspaniya çempionatını üç dəfə (2023, 2025, 2026), İspaniya Super Kubokunu iki dəfə (2025, 2026), ölkə kubokunu isə bir dəfə (2025) qazanıb.
Yamal İspaniya millisi ilə də uğur əldə edib və 2024-cü ildə Avropa çempionu, 2026-cı ildə dünya çempionu olub. İspanlar Argentina ilə final görüşündən 1:0 hesablı qələbə ilə ayrılıblar.


