İspaniya və Argentina milli komandaları arasında keçirilmiş dünya çempionatının (DÇ-2026) finalında bir sıra tarixi göstəricilər qeydə alınıb.
Arena.az xəbər verir ki, bu görüşün ilk hissəsi qolsuz başa çatıb – 0:0.
ABŞ-ın Nyu-Cersi ştatının İst-Ratford şəhərində yerləşən “Metlayf” stadionunda keçirilmiş qarşılaşmada komandalar fasiləyə üstünlüyü müəyyənləşdirə bilmədən yollanıblar.
Dünya çempionatı finallarında ilk hissənin qolsuz başa çatması sonuncu dəfə 2014-cü ildə baş vermişdi. Həmin finalda Almaniya Argentina üzərində 1:0 hesablı qələbə qazanmış, qalibiyyət qolunu Mario Götsе əlavə vaxtın ikinci hissəsində vurmuşdu.
Finalın ilk 45 dəqiqəsində komandalar cəmi 3 zərbə vuraraq mundial tarixində bu göstəricidə antirekorda imza atıblar. Bundan əvvəl ən az zərbə vurulmuş finallar Argentina millisinin iştirak etdiyi 2014 və 2022-ci illərin həlledici oyunları olub. Həmin qarşılaşmalarda komandalar birlikdə 6 zərbə ilə yadda qalmışdılar.
Bundan əlavə, Argentina millisi dünya çempionatları tarixində finalın ilk hissəsində qapıya zərbə endirməyən ikinci komanda olub. Belə hal ilk dəfə 2022-ci il finalında qeydə alınmışdı. Həmin oyunda Fransa Argentina qapısına ilk hissədə zərbə vura bilməmişdi.
Argentina üçün daha bir antirekord isə əsas vaxtla bağlı olub. Cənubi Amerika təmsilçisi dünya çempionatı finalının 90 dəqiqəsində rəqib qapısına ümumiyyətlə zərbə vura bilməyən ilk komanda olub.
İspaniya isə əsas vaxt ərzində 15 zərbə endirib, onların 10-u qapı çərçivəsinə dəqiq olub. Buna baxmayaraq, hesab dəyişməyib və qalib müəyyənləşməyib – 0:0.
Qeyd edək ki, dünya çempionatları tarixində doqquzuncu dəfə finalın qalibi əsas vaxtda müəyyənləşməyib. 90 dəqiqənin qolsuz başa çatdığı finallar isə dördüncü dəfə qeydə alınıb. Bundan əvvəl belə nəticə 1994-cü ildə Braziliya – İtaliya, 2010-cu ildə İspaniya – Niderland və 2014-cü ildə Almaniya – Argentina finallarında yaşanmışdı.
İspaniya 2010-cu ildə, Argentina isə 1978, 1986 və 2022-ci illərdə dünya çempionu olub. 2026-cı il mundialının qalibi isə əlavə vaxtda müəyyənləşib. İspaniya vurduğu yeganə qol sayəsində tarixində ikinci dəfə mundialın qalibi olub.


