DÇ-2026-ın mükafatlandırma mərasimində maraqlı anlar

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının (DÇ-2026) finalından sonra mükafatlandırma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub etmiş İspaniya millisinin futbolçuları qızıl, ikinci yeri tutan Argentina yığmasının üzvləri isə gümüş medallarla təltif olunublar.

Mükafatları ABŞ Prezidenti Donald Tramp, FIFA prezidenti Canni İnfantino, Kanadanın Baş naziri Mark Karni, Meksika Prezidenti Klaudiya Şeynbaum və digər rəsmi şəxslər təqdim ediblər.

Turnirin fərdi mükafatlarının sahibləri də mərasimdə açıqlanıb. İspaniya millisinin yarımmüdafiəçisi Rodri mundialın ən yaxşı futbolçusu seçilərək “Qızıl top” mükafatını qazanıb. Onun komanda yoldaşı Unai Simon turnirin ən yaxşı qapıçısı, müdafiəçi Pau Kubarsi isə ən yaxşı gənc futbolçusu seçilib. Mundialın bombardiri adına isə Fransa millisinin hücumçusu Kilian Mbappe layiq görülüb.

Mərasim zamanı diqqət çəkən məqamlardan biri Argentina millisinin iki futbolçusunun davranışı olub. Müdafiəçilər Kristian Romero və Lisandro Martines gümüş medalları qəbul edərkən ABŞ Prezidenti Donald Trampla əl sıxmayıblar. Hər iki futbolçu medalı aldıqdan sonra ABŞ prezidentinin yanından dayanmayaraq keçib. Qeyd edək ki, Romero və Martines final qarşılaşması zamanı zədələndikləri üçün əvəzlənmişdilər.

Mərasimdən sonra daha bir maraqlı hadisə yaşanıb. Britaniyanın “Independent” nəşrinin yazdığına görə, Donald Tramp kuboku İspaniya millisinin kapitanına təqdim etdikdən sonra podiumu tərk etmək istəməyib.

FIFA prezidenti Canni İnfantino onu futbolçuların yanından uzaqlaşdırmağa çalışsa da, Tramp podiumun digər tərəfindən yenidən komandanın yanına qayıdaraq futbolçularla birlikdə dayanıb. Daha sonra İspaniya Futbol Federasiyası sosial şəbəkə hesabında paylaşdığı çempionluq fotosunda Donald Trampın yer almadığı şəkli dərc edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: