Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının finalında İspaniyaya məğlubiyyətdən sonra komanda ilə birlikdə vətənə qayıtmayıb.
Arena.az xəbər verir ki, onunla yanaşı, Argentina millisinin daha 9 futbolçusu ABŞ-dan birbaşa Argentinaya yollanmayıb.
Argentina Futbol Assosiasiyasının açıqlamasında bunun səbəbi də göstərilib:
“Bəzi milli üzvləri ABŞ-dan birbaşa müxtəlif istiqamətlərə yollanacaqlar. Onlar ya klublarına qoşulacaq, ya da istirahət dövrünə başlayacaqlar”.
Xatırladaq ki, Argentina millisi dünya çempionatının finalında əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq titulunu qoruya bilməyib.
Messi finaldan sonra sosial şəbəkə hesabında İspaniyaya məğlubiyyətlə bağlı emosional paylaşım da edib. Səkkizqat “Qızıl top” sahibi bunları vurğulayıb:
“Ağrı çox böyükdür və bu yaranın sağalması üçün zamana ehtiyac olacaq. Amma mən daha çox yaxşı xatirələri – geridönüş etdiyimiz, sonadək mübarizə apardığımız oyunları xatırlamağa üstünlük verirəm.
Bizi yenidən dünyanın ən güclü millilərindən birinə çevirən bütün ölkənin dəstəyini, komandamızın əməyini və fədakarlığını həmişə xatırlayacağam. Hazırda nəyə nail olduğumuzu tam dərk etmək çətindir. Amma bu komanda ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəldi.
Hər bir mesajınıza və dəstəyinizə görə ürəkdən təşəkkür edirəm. Biz yenidən bir ölkə kimi birləşə bildik və argentinalı olduğumuz üçün böyük qürur hissi keçirdik. Həmçinin İspaniyanı dünya çempionu olması münasibətilə təbrik edirəm”, – deyə Messi yazıb.


