FIFA 2026-cı il dünya çempionatının finalından sonra Argentina millisinin futbolçularının davranışı ilə bağlı intizam araşdırmasına başlayıb.
Arena.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Xatırladaq ki, ABŞ-ın ev sahibliyi etdiyi mundialın finalında İspaniya əlavə vaxtda Argentinaya 1:0 hesabı ilə qalib gələrək dünya çempionu olub.
Final fitindən sonra Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes əvvəlcə İspaniya yığmasının müdafiəçisi Erik Qarsiyanın boğazından tutub, daha sonra isə yarımmüdafiəçi Qavini itələyib. Onu daha böyük insidentin qarşısını almaq üçün komanda yoldaşları sakitləşdiriblər.
Bundan başqa, Argentina millisinin müdafiəçisi Nahuel Molina İspaniya yığmasının yarımmüdafiəçisi Rodri qələbəni qeyd edərkən ona ayaq atmağa cəhd edib.
İnsidentlər bununla da yekunlaşmayıb. Argentina millisinin məşqçilərindən Roberto Ayalanın İspaniya yığmasının futbolçusu Dani Olmoya yumruq atmağa cəhd etdiyi də bildirilir.
Mükafatlandırma mərasimində də diqqətçəkən anlar yaşanıb. Gümüş medal alan Argentina millisinin futbolçuları çempion İspaniya komandasına tərəf çevrilməyərək üzlərini başqa istiqamətə tutublar. Daha sonra onlar tribunaya yaxınlaşaraq öz azarkeşlərinə dəstəyə görə təşəkkür ediblər.
Bunun əksinə olaraq, İspaniya millisinin futbolçuları rəqiblərinin gümüş medalları almaq üçün podiuma çıxışı zamanı onlar üçün alqış dəhlizi təşkil ediblər.
FIFA-nın araşdırmasının nəticəsi və mümkün intizam tədbirləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.


