Avstriya millisinin və Almaniyanın “Bayern” klubunun sağ cinah müdafiəçisi Konrad Laymer Münhen təmsilçisi ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni sözləşməyə əsasən, 29 yaşlı avstriyalı futbolçu 2029-cu il iyunun 30-dək “Bayern”in formasını geyinməyə davam edəcək. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2027-ci ilin yayında bitəcəkdi.
Bundan əvvəl yayılan xəbərlərə görə, Laymer bonuslar da daxil olmaqla, vergilər çıxılmamış şəkildə ildə 10 milyon avrodan çox əməkhaqqı alacaq.
Konrad Laymer “Bayern”ə 2023-cü ilin iyul ayında “Leypsiq”dən gəlib. 26 yaşlı futbolçu ilə həmin vaxt 4 illik, 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanmışdı. O, Münhen klubuna azad agent kimi keçmişdi.
Avstriyalı futbolçu “Bayern”də indiyə qədər 136 oyuna çıxıb. Mərkəz yarımmüdafiəçisi bu görüşlərdə 7 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Laymer peşəkar karyerasına ölkəsinin “Liferinq” klubunda başlayıb. O, daha sonra “Zalsburq”un formasını geyinib. 2017-ci ildən 2023-cü ilə qədər “Leypsiq”də çıxış etmiş futbolçu Bundesliqa təmsilçisində 190 oyun keçirib, 15 qol və 19 məhsuldar ötürmə müəllifi olub.
Avstriyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Laymer, 2019-cu ilin iyun ayından əsas millidə forma geyinir. O, Avstriya yığmasında 61 oyuna çıxıb, 7 qol vurub, 10 assist edib.
“Transfermarkt” internet-portalı 29 yaşlı müdafiəçinin transfer dəyərini 32 milyon avro məbləğində qiymətləndirir.


