“Qarabağ”ın Avropa Liqasının 2-ci raundundakı rəqibi ÇSKA (Sofiya) Bolqarıstan çempionatında 2026/27 mövsümünə heç-heçə ilə start verib.
Arena.az xəbər verir ki, sözügedən komanda yeni mövsümün ilk turunda səfərdə paytaxtın digər təmsilçisi “Slaviya” (Sofiya) ilə qarşılaşıb.
Görüş Aleksandr Şalamanov adına stadionda keçirilib. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu oyunda qapılara qol vurulmayıb – 0:0.
Xatırladaq ki, “Qarabağ” və ÇSKA komandaları arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 20:00-da start veriləcək. Cavab matçı isə bir həftə sonra Sofiya şəhərində baş tutacaq. Vasil Levski stadionunda baş tutacaq bu matçın start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək. Cütün qalibi növbəti raundda “Şerif” (Moldova) – “Makkabi (Təl-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.


