“Dalğa Arena”nın ot örtüyü beynəlxalq standartlara uyğunlaşdırılır

Mərdəkandakı “Dalğa Arena”da təbii ot örtüyünün yenilənməsi məqsədilə genişmiqyaslı renovasiya işləri davam etdirilir.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, sözügedən arenada ot örtüyünün yenilənməsi işləri plan üzrə gedir. Hibrid tikişli (Hybrid stitched) texnologiya əsasında hazırlanan yeni örtük təxminən 95 faiz təbii ot və 5 faiz sintetik lifdən ibarətdir.

Bu texnologiya futbol kimi yüksək intensivlikli idman növlərində örtüyün zədələnməsinin qarşısını alır. Görülən işlər ot örtüyünün keyfiyyətinin yüksəldilməsi, dayanıqlılığının artırılması və beynəlxalq standartlara daha da uyğunlaşdırılması məqsədi daşıyır.

Qeyd edək ki, aparılan işlər UEFA-nın “Hat-Trick” layihəsi çərçivəsində həyata keçirilir. Yenidənqurma stadionun infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir.

Xatırladaq ki, “Dalğa Arena” 2025/2026-cı illər mövsümündə Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan”ın ev oyunlarına ev sahibliyi edirdi. Mərdəkandakı arenanın dəqiq nə vaxta tam hazır olacağı barədə məlumat verilmir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: