“Neftçi”nin sabiq futbolçusu, qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kane bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə vurğulanır ki, yeni mövsüm öncəsi gündəlik məşqlərlə paralel olaraq heyətini də komplektləşdirməyə çalışan “Araz-Naxçıvan” daha bir legionerlə anlaşıb. Qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kane yeni mövsümü “Araz-Naxçıvan”ın heyətində keçirəcək. Onunla imzalanmış müqavilənin müddəti 1 ildir.
29 yaşlı futbolçu müxtəlif illərdə “Satellite”, “Kaloum”, “Qanqan”, “Neftçi” (Bakı), “Olimpiakos”, “Rodina Moskva”, “Auda”, “Etnikos” klublarında çıxış edib. Onun sonuncu klubu isə Kiprin “Pafos” komandası olub. Kane 2020-ci ildə Qvineya millisinin heyətində 19 oyun keçirib, 5 qol vurub. O, 2017-ci ildə isə ölkəsinin U-20 yığmasına cəlb edilib, 7 matçda meydana çıxıb.
Xatırladaq ki, “Araz-Naxçıvan” bu yay Luka Dumançiç, Rəşad Həsənov, Alberto Fernandes, Alexandro Herrera, Rövlan Muradov, Artur Auqusto Da Silva, Məhəmməd Mara və Abdallah Sudini də heyətinə qatıb. Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyev, İssuf Paro, Mustafa Əhmədzadə və Bruno Franko ilə yeni müqavilə imzalanıb. Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala və Ürfan Abbasov isə komandanı tərk ediblər.


