Andrea Pirlonun təyinatı İtaliyada mübahisə yaratdı

Andrea Pirlonun futbol üzrə İtaliya milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunması ölkədə siyasi müzakirələrə səbəb olub.

Arena.az xəbər verir ki, bu barədə La Gazzetta dello Sport nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İtaliya Futbol Federasiyası (FIGC) ilə Pirlo arasında danışıqlar yekunlaşmaq üzrədir. Lakin bir sıra italiyalı deputatlar mütəxəssisin namizədliyinə onun Rusiya bukmeker şirkəti ilə əməkdaşlığına görə etiraz ediblər.

Nəşrin məlumatına əsasən, Pirlonun həmin müqaviləsi hazırda çalışdırdığı BƏƏ-nin “Dubay Yunayted” klubundakı fəaliyyəti ilə bağlıdır. O, bu komandaya 2025-ci ilin yayında baş məşqçi təyin olunub. Klubun sahibi rusiyalı iş adamı Sergey Lomakindir.

“La Gazzetta dello Sport” yazır ki, Pirlo “Dubay Yunayted”dən ayrıldıqdan sonra bukmeker şirkəti ilə müqaviləsi də qüvvədən düşəcək.

Bundan əvvəl “Corriere dello Sport” nəşri İtaliya Futbol Federasiyasının millinin baş məşqçi postu üçün Tyaqo Motta ilə də danışıqlar apardığını bildirmişdi. Lakin “Bolonya” və “Yuventus”un sabiq çalışdırıcısı təklifi qəbul etməyib.

Bundan sonra federasiya Cennaro Qattuzonu əvəzləyən yeni baş məşqçi kimi Andrea Pirlonun təyinatını rəsmən açıqlayıb.

47 yaşlı Pirlo məşqçilik karyerasında “Yuventus”, “Sampdoriya”, “Fatih Karagümrük” və “Dubay Yunayted”i çalışdırıb. O, “Yuventus”la İtaliya Kubokunu (2021) və İtaliya Super Kubokunu (2020) qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: