Anqolalı cinah hücumçusu Dominqos Sengi Hermenegildo (daha çox “Pikas” ləqəbi ilə tanınır) bundan sonra “İmişli”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə “İmişli”nin mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, “İmişli” yay transfer dövründə daha bir futbolçunu heyətinə qatıb. Anqolalı Dominqos Sengi Hermenegildo ilə 2+1 illik müqavilə imzalanıb.
Sağ cinah vingeri mövqeyində çıxış edən Pikas karyerası ərzində Anqolanın “Petro Luanda”, eləcə də Portuqaliyanın “Şaveş”, “Torrense”, “Feyrense” və “Fafe” klublarının formasını geyinib. 25 yaşlı futbolçu “Fafe”dən bu yay azad agent kimi ayrılmışdı.
Cinah hücumçusu Anqola yığmasına dəvət alsa da, debüt şansı qazanmayıb.
“İmişli” bu yay Seyxan Fərəcov, Fərid Nəbiyev, Bəxtiyar Həsənalızadə, Sadiq Məmmədzadə, Yusif İmanov və İvan Senini də heyətinə qatıb. Tuncay Yusifli, İdris İnqilablı və İmam Əli ilə yeni müqavilə imzalanıb. Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə, Hüseynəli Quliyev, Rafael Vyeqas, Andrey Sinenka və Ezekiel Morqan isə komandanı tərk ediblər.


