Əvsanəfi müdafiəçi Paolo Maldini İtaliya Futbol Federasiyasında (FIGC) cəmi 10 gün öncə təyin edildiyi texniki direktor vəzifəsini tərk edib.
Arena.az xəbər verir ki, FIGC-nin texniki direktorunun müşaviri vəzifəsində çalışan Leonardo da postundan ayrılıb.
Maldini və Leonardo 2006-cı il dünya çempionu Andrea Pirlonun İtaliya millisinin baş məşqçisi təyin olunmasının tərəfdarı idilər. Lakin daha əvvəl “La Gazzetta dello Sport” nəşri Pirlonun Rusiya bukmeker şirkəti ilə müqaviləsinə görə namizədliyinin siyasi mübahisələrə səbəb olduğunu yazmışdı. Bir sıra italiyalı deputatlar bu əlaqələrə görə onun təyinatına etiraz etmişdilər.
Sonradan Pirlo özü də İtaliya millisinin baş məşqçi postuna namizəd olmadığını açıqlayıb.
58 yaşlı Maldini bütün futbolçu karyerasını “Milan”da keçirib. O, klubla yeddi dəfə İtaliya çempionu olub, beş dəfə UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və İtaliya Super Kubokunu qazanıb, bir dəfə isə İtaliya Kubokuna sahib çıxıb.
Paolo Maldini İtaliya millisinin heyətində 1994-cü ildə dünya çempionatının gümüş, 1990-cı ildə isə bürünc medalını qazanıb. O, həmçinin 2000-ci il Avropa çempionatının gümüş, 1988-ci il Avropa çempionatının isə bürünc mükafatçısı olub.


