Anatoli Nuriyev Macarıstan klubu ilə müqavilə bağladı

Bu yay “Zirə”dən ayrılan Azərbaycan milli komandasının yarımmüfafiəçisi Anatoli Nuriyev bundan sonrakı karyerasını Macarıstanda davam etdirəcək.

Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu Macarıstanın “Kişvarda” klubu ilə anlaşıb.

Bu barədə yüksək liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Azad agent statusunda “Kişvarda”ya qoşulmuş Nuriyevlə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Azərbaycanlı futbolçu yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Anatoli Nuriyev bu ilin fevral ayında “Zirə”yə keçmişdi. Hücumameyilli yarımmüdafiəçi bu komandanın heyətində 13 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Nuriyev daha öncə “Sabah”, “Sumqayıt”, “Kolos”, “Minay”, “Stal”, “Serednye” kimi klubların da formasını geyinib.

2021-ci ildə Azərbaycan yığmasında debüt etmiş Anatoli millinin heyətində 19 oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: