Futbol üzrə İtaliya milli komandasının köhnə-yeni baş məşqçisi Roberto Mançini yenidən yığmaya qayıdışı ilə bağlı fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 61 yaşlı mütəxəssis xüsusi mətbuat konfransında çıxış edərək, yenidən “Skuadra Adzurra”nın sükanı arxasına keçməsinin onun üçün böyük məna daşıdığını bildirib.
Xatırladaq ki, Mançini 2018–2023-cü illərdə də İtaliya millisini çalışdırıb. Onun rəhbərliyi altında komanda AÇ-2020-nin qalibi olub, UEFA Millətlər Liqasında isə iki dəfə bürünc medal qazanıb. Mütəxəssisin komandadan ayrılması qalmaqalla müşayiət olunmuşdu. O, həmin hadisələrə də münasibət bildirib:
“Üç il əvvəl mənimlə Qravina arasında qarşılıqlı anlaşılmazlıq yarandı. Buna görə çox təəssüflənirəm. Milli komandanın forması mənim üçün hər zaman xüsusi əhəmiyyət daşıyıb. Bu, sevdiyin qadını itirməyə bənzəyir. İndi isə Malaqonun sayəsində taleyin mənə hər şeyi düzəltmək imkanı verdiyini düşünürəm.
Azarkeşlərlə ilk qarşılaşmağım? Çalışacağam ki, komandamız elə futbol oynasın, azarkeşlər məni bağışlasınlar”, – deyə təcrübəli mütəxəssis bildirib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyən İtaliya millisində baş məşqçi Cennaro Qattuzo istefaya göndərilmiş, onun yerinə yenidən Roberto Mançini təyin olunmuşdu.


