İtaliyanın “Bolonya” klubunun argentinalı mərkəz hücumçusu Santyaqo Kastro bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.
“Canavarlar” bu transfer üçün “Bolonya”ya 35 milyon avro ödəyiblər. 21 yaşlı futbolçu ilə müqavilənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. O, yeni klubunda 9 nömrəli formanı geyinəcək.
Santyaqo Kastro Argentinanın “Veles Sarsfild” klubunun yetirməsidir. O, 2024-cü ildə 13,2 milyon avro müqabilində “Bolonya”ya keçmişdi. Argentinalı forvard sözügedən klubun heyətində keçirdiyi 105 oyunda 22 qol vurub və 11 məhsuldar ötürmə edib.
Santyaqo Argentinanın U-15, U-16, U-20 və U-23 yığmalarında forma geyinsə də, əsas millidə debüt imkan əldə etməyib.
“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 32 milyon avro məbləğində qiymətləndirir.


