Yulian Brandt “Ayaks”da!

Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Yulian Brandt Bundesliqa təmsilçisindən ayrılaraq “Ayaks”a keçib.

Arena.az xəbər verir ki, bu barədə Niderland klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

30 yaşlı hücumameyilli yarımmüdafiəçi Amsterdam nəhənginə azad agent kimi qoşulub. O, “Ayaks”la 2029-cu ilin yayına kimi nəzərdə tutulmuş 3 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Yulian Brandt 2019-cu ilin iyul ayında “Bayer”dən 25 milyon avro qarşılığında “Borussiya”ya keçmişdi. Almaniyalı futbolçu Dortmund təmsilçisinin heyətində bütövlükdə 307 oyuna çıxıb. O, bu görüşlərdə 57 qol və 70 məhsuldar ötürmə ilə yadda qalıb.

Vaxtilə yetirməsi olduğu “Volfsburq”da yalnız U-17 və U-19 komandalarının formasını geyinmiş Brandt, daha çox “Bayer”dəki çıxışı ilə məşhurlaşıb. Yarımmüdafiəçi 2014-2019-cu illər aralığında bu komandada 215 oyun keçirib, 42 qol və 51 assist müəllifi olub.

Brandt 2016-cı ildən formasını geyindiyi Almaniya milli komandasında da 48 oyuna 3 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: