Kiron Boui “Verona”dan “Sassuolo”ya keçdi

“Verona”nın şotlandiyalı mərkəz hücumçusu Kiron Boui bundan sonra İtaliyanın digər klubu “Sassuolo”nun uğurları üçün çalışacaq.

Arena.az bu barədə sözügedən klubların mətbuat xidmətlərinə istinadən xəbər verir.

23 yaşlı şotlandiyalı futbolçu 2026/2027-ci illər mövsümünün sonuna qədər icarə əsasında “Sassuolo”da çıxış edəcək. İcarə müqaviləsinə futbolçunun transfer hüquqlarının sonradan satın alınması ilə bağlı seçim də daxil edilib.

Bouinin “Sassuolo”ya keçidi iki klub arasında baş tutan dəyişiklik razılaşmasının bir hissəsi olub. Əvəzində italiyalı hücumçu Samuele Mulattieri “Sassuolo”dan “Verona”ya keçib.

Kiron Boui ötən mövsüm “Verona”nın əsas heyətində stabil yer qazana bilməsə də, meydanda effektivliyi ilə seçilib. 23 yaşlı hücumçu 2025/2026-cı illər mövsümündə A Seriyasında 14 matçda iştirak edib və 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Şotlandiyalı futbolçu daha öncə “Hibernian”, “Northempton Taun”, “Fulhem”, “Reyt Rovers” kimi klubların da formasını geyinib.

2025-ci ildən Şotlandiya yığmasında çıxış edən hücumçu millinin heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: