Futbol üzrə Bosniya və Herseqovina yığmasının və “Bayer”in hücumçusu Kerim Alaybeqoviç bundan sonra “Yuventus”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Turin təmsilçisi bu transfer üçün Almaniya klubuna 32 milyon avro ödəyib. Müqavilədə əlavə 7 milyon avro bonus da nəzərdə tutulub.
18 yaşlı futbolçu “Yuventus”la 5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.
Kerim Alaybeqoviç Almaniyada dünyaya göz açıb və futbola da bu ölkənin “Köln” klubunda başlayıb. 2021-ci ildən “Bayer”də olan 18 yaşlı vinger Leverkuzen klubunun əsas komandasında debüt şansı qazanmayıb. Ötən mövsümün əvvəlində Avstriyanın “Zalsburq” klubu bosniyalı futbolçunu 8 milyon avroya heyətinə qatmışdı. O, bu komandanın heyətində 44 oyuna 13 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Bu yay isə “Bayer” 8 milyon avro ödəməklə Kerimi yenidən heyətinə qatmışdı.
2025-ci ildən Bosniya və Herseqovina yığmasında çıxış edən cinah hücumçusu millinin heyətində 14 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 18 yaşlı vingerin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.



