Almaniyanın “Şalke” klubu Bosniya və Herseqovina yığmasının da üzvü olan hücumçusu Edin Dzeko ilə müqavilənin müddətini uzadıb.
Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
40 yaşlı forvardla yeni 1 illik sözləşmə imzalanıb. Futbolçu bu gün – avqustun 4-də komandanın təlim-məşq düşərgəsinə qoşulacaq.
Bosniyalı hücumçu 2026-cı ilin yanvarında “Şalke”yə azad agent kimi keçib. O, 2-ci Bundesliqada 11 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub və komandasının çempion olaraq elitaya qayıtmasına töhfə verib. Edin yeni mövsümdə də 10 nömrəli formanı geyinəcək.
Dzeko bu yay Bosniya və Herseqovina millisinin heyətində DÇ-2026-da çıxış edib. Bu, onun 2014-cü ildən sonra qatıldığı ikinci dünya çempionatı olub.
Xatırladaq ki, Edin Dzeko “Jelezniçar”ın məzunudur. Hücumçu, karyerası ərzində “Teplitse”, “Usti-nad-Labem” (icarə), “Volfsburq”, “Mançester Siti”, “Roma”, “İnter”, “Fənərbağça” və “Fiorentina”da oynayıb.
Edin Dzeko 2007-ci ilin iyun ayında debüt etdiyi Bosniya və Herseqovina millisinin heyətində 151 oyun keçirib, 73 qol vurub, 31 məhsuldar ötürmə verib. Oyun və qol sayına görə Dzeko milli komandanın mütləq rekordçusudur.
“Transfermark” internet portalı 40 yaşlı bosniyalı mərkəz hücumçusunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.



