“Fulhem” “Real”ın 2 oyunçusu üçün 50 milyon avro ödədi!

İngiltərənin “Fulhem” klubu İspaniya nəhəngi “Real”ın 2 futbolçusunu – hücumçu Qonsalo Qarsiya və yarımmüdafiəçi Sesar Palasiosu heyətinə qatıb.

Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Hər iki futbolçu İngiltərə klubu ilə 5+1 illik müqaviləyə imza atıb. “Fulhem” Qonsalonun transferi üçün “Real”a 40, Sesarın keçidi üçün isə 10 milyon avro ödəyib. Madrid klubu oyunçuların gerisatınalma hüququnu əlində saxlayıb. Üstəlik, onların gələcək satışında da söz sahibi məhz “Real” olacaq və ən azı 30 faiz pay alacaq.

Xatırladaq ki, “Fulhem”ə “Real”ın keçmiş baş məşqçisi Alvaro Arbeloa rəhbərlik edir. Hansı ki, o, elə bu yay Madrid klubundan ayrılaraq İngiltərə klubu 3 illik müqavilə imzalayıb. İspaniyalı mütəxəssis məhz “Real”da çalışdığı dönəmdən yaxşı tanıdığı bu iki oyunçunu sərəncamında görmək istədiyi üçün İngiltərə klubu onları satın almağa qərar verib.

Qonsalo Qarsiya “Real”ın yetirməsidir. 22 yaşlı forvard 2023-cü ildən əsas komandaya cəlb edilirdi. O, Madrid təmsilçisinin heyətində 51 oyun keçirib, 13 qol vurub, 5 məhsuldar ötürmə verib.

Bu il İspaniya millisində debüt etmiş hücumçu hələlik 1 oyunla kifayətlənib.

Sesar Palasios futbola “Numansiya”da başlasa da, o da “Real”ın yetirməsi hesab edilir. 2020-ci ildən bu klubun sıralarında olan hücumameyilli yarımmüdafiəçi Madrid təmsilçisinin əsas komandasında 7 oyun keçirsə də, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

21 yaşlı futbolçu İspaniyanın U-19 yığmasında forma geyinsə də, digər millilərdə debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: