Oryan Nyuland “Leypsiq”də!

Futbol üzrə Norveç millisinin və İspaniyanın “Sevilya” komandasının əsas qapıçısı Oryan Nyuland Almaniyanın “Leypsiq” klubuna transfer olunub.

Arena.az bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

35 yaşlı qolkiper yeni komandasına azad agent statusunda qoşulub. Tərəflər arasında bağlanmış müqavilənin müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Xatırladaq ki, təcrübəli futbolçu 2022/2023-cü illər mövsümündə də “Leypsiq”də çıxış edib. O, “Sevilya”ya məhz Almaniya komandasından keçmişdi. Nyuland La Liqa təmsilçisinin heyətində 66 oyuna çıxıb, 85 qol buraxıb, 16 matçda qapısını toxunulmaz saxlayıb. Norveçli qolkiperin “Leypsiq” karyerası isə 3 oyun, 3 buraxılmış qol və 1 “quru” matçdan ibarətdir.

Oryan Nyuland karyerası ərzində “Hodd”, “Molde”, “İnqolştadt”, “Aston Villa”, “Norviç Siti”, “Bornmut”, “Ridinq” kimi klublarda da forma geyinib.

Nyuland 2013-cü ildə debüt etdiyi Norveç yığmasının heyətində 76 oyuna çıxıb, 82 qol buraxıb, 26 matçda qapısını toxunulmaz saxlayıb. O, DÇ-2026-da Norveç yığmasının heyətində yalnız Fransa ilə qrup mərhələsinin görüşünü buraxaraq 5 matçda meydanda olub.

Xatırladaq ki, “Leypsiq” ötən gün komandanın əsas qapıçısı Peter Qulaçinin İspaniyanın “Vilyarreal” klubuna keçdiyini açıqlamışdı. Nyuland köhnə-yeni klubunda məhz Qulaçini əvəz edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: