İngiltərə çempionu “Arsenal”ın danimarkalı dayaq yarımmüdafiəçisi Kristian Nörqor bundan sonra “Everton”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Everton” 32 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2028-ci ilin 30 iyun tarixinə qədər müqavilə imzalayıb. Klub bu keçidə görə 8 milyon avro ödəyib.
Xatırladaq ki, “Arsenal” Kristian Nörqoru 2025-ci ilin yayında “Brentford”dan almışdı. O, bu müddət ərzində meydana çıxdığı 20 rəsmi matçda 3 məhsuldar ötürmə verib.
Danimarka millisinin heyətində 41 oyun keçirmiş Nörqor “Arsenal”la İngiltərə çempionluğu da yaşayıb.
Nörqor bundan əvvəl Danimarka, Almaniya və İtaliyada çıxış edib. O, 7 mövsüm əvvəl İngiltərəyə köçüb. 31 yaşlı futbolçu “Everton”un yay transfer pəncərəsində Merlin Röhl, Tayrik Corc və Heyden Heknidən sonra dördüncü yeni transferidir.
Nörqor “Everton” TV-yə açıqlamasında transferi barədə danışıb:
“Bu, möhtəşəm hissdir. “Everton”a qoşulduğum üçün çox xoşbəxtəm. Buraya gəlməyimə bir çox amil təsir etdi. Dəyişikliyə və futbolda daha böyük rola ehtiyacım olduğunu hiss edirdim.
Devid Moyes və transfer prosesində iştirak edən digər şəxslərlə danışanda klubun bütün layihəsi barədə məlumat aldım və bu, məndə böyük maraq yaratdı. Buraya gəldikdən sonra bu hiss daha da güclənib.
“Everton”a qarşı əvvəlki oyunlardan da təcrübəm var. Atmosfer, azarkeşlər – bunların hamısını “Everton” futbolçusu kimi yaşamaq üçün səbirsizlənirəm. Bu, mənim üçün böyük şərəfdir. Təkcə oyun günlərində deyil, ümumiyyətlə bu klubun azarkeşləri üçün nə qədər böyük məna daşıdığını unutmamaq üçün əlimdən gələni edəcəyəm. Məqsədim klubu ən yaxşı şəkildə təmsil etməkdir”.
Kopenhagendə doğulan Nörqor 17 yaşında “Lünbqu”da peşəkar karyerasına başlayıb. Almaniyanın “Hamburq” klubunda qısa müddət çıxış etdikdən sonra 2013-cü ilin avqustunda Danimarkaya qayıdaraq “Bröndbü”yə keçib. Burada komandanın kapitanı olub və bir neçə titul qazanıb.
Danimarka klubunda 5 il keçirdikdən sonra Nörqord İtaliyanın “Fiorentina” klubuna transfer olunub. Bir il sonra isə İngiltərənin “Brentford” klubuna keçib.
“Arılar”ın heyətində 6 mövsüm keçirən Kristian Nörqor həm meydanda, həm də meydandan kənarda azarkeşlərin sevimlisinə çevrilib.
Danimarkalı futbolçu 2025/26 mövsümündə “Arsenal”la tarixi uğura imza atıb. O, “topçular”ın 22 ildən sonra ilk İngiltərə çempionluğunu qazanmasına töhfə verib. “Arsenal” həmçinin Çempionlar Liqasında və İngiltərə Liqa Kubokunda ikinci yeri tutub.



