Yan Kouto “Borussiya”dan “Komo”ya keçdi

Futbol üzrə Braziliya milli komandasının və Dortmund “Borussiya”sının sağ cinah müdafiəçisi Yan Kouto növbəti mövsümü İtaliyada keçirəcək.

Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu 2026/2027-ci illər mövsümündə “Komo”nun formasını icarə əsasında geyinəcək.

Komandanın baş məşqçisi Sesk Fabreqas bütün cinah boyunca oynaya bilən yeni transferin potensialını yüksək qiymətləndirib:

“Yan cəsarətli və texniki baxımdan güclü futbolçudur. O, sağ cinahda bizə müxtəlif seçimlər təqdim edir. Hücumda oynamağı sevir, böyük enerjiyə malikdir və oyun sistemimizə yaxşı uyğun gəlir. Hələ gəncdir, amma artıq mühüm təcrübə qazanıb. İnanırıq ki, bizimlə birlikdə inkişafını davam etdirə biləcək”, – deyə Fabreqas “Komo”nun rəsmi saytına açıqlamasında bildirib.

Qeyd edək ki, 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən “Komo” İtaliya futbolunun əsas sensasiyasına imza atıb. Fabreqasın komandası 71 xal toplayaraq A Seriyasını 4-cü pillədə başa vurub və tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.

“Komo” ilə yanaşı, İtaliyanı qarşıdakı mövsümün Çempionlar Liqasında “İnter”, “Napoli” və “Roma” da təmsil edəcək.

Yan Kouto “Koritiba”nın yetirməsidir. 2024-cü ildən “Borussiya”da olan 24 yaşlı futbolçu karyerası ərzində “Mançester Siti”, “Jirona”, “Braqa” kimi klubların da heyətində yer alıb. O, Braziliya millisinin heyətində 4 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: