Futbol üzrə Əlcəzair milli komandasının və “Milan”ın yarımmüdafiəçisi İsmael Bennaser İtaliya klubundan birdəfəlik ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Milan təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bennaser bundan sonra Qətər çempionatında çıxış edən “Əl-Qarafa” klubunda çıxış edəcək.
Xatırladaq ki, “Milan” İsmael Bennaseri 2019-cu ilin avqustunda “Empoli”dən 17,2 milyon avro qarşılığında transfer etmişdi. O, bu komandada 178 oyuna çıxıb, 8 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçinin “Milan”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna kimi idi.
İtaliya təmsilçisi futbolçunu ötən mövsüm Zareb “Dinamo”suna icarəyə vermişdi. Bennaser əvvəlki mövsümün ikinci yarısında da Marsel “Olimpik”ində icarədə olmuşdu.
İsmael daha öncə “Empoli”, “Arsenal”, “Tur”, “Arl-Avinyon” kimi klubların da formasını geyinib.
Fransanın U-18 və U-19 yığmalarında da oynamış futbolçu 2016-cı ildən Əlcəzair milli komandasında çıxış edir. O, yığmada 51 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


