Mourinyo “Real”da sərt intizam qaydaları tətbiq etdi

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo komanda daxilində intizamı ciddi şəkildə gücləndirməyə yönəlmiş bir sıra sərt qaydalar tətbiq edib.

Arena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçuların gündəlik qida menyusunu sərbəst seçmək imkanını tamamilə ləğv edib.

Bundan sonra klub bazasında menyuya yalnız komandanın dietoloqu cavabdeh olacaq.

Mourinyo dəqiqliyə də xüsusi diqqət yetirib. Futbolçular məşqin başlamasına düz bir saat qalmış Valdebebasa gəlməlidirlər. Hətta 60 saniyəlik gecikmə belə oyunçunun əsas qrupdan kənarda fərdi şəkildə fitnes zalında məşq etməsinə səbəb olacaq.

Bundan başqa, kənar tibbi mütəxəssislərin xidmətindən istifadə etmək də qəti şəkildə qadağan edilib. Bundan sonra zədələrdən sonra bütün bərpa prosesi yalnız klubun bazasında, komandanın tibbi heyətinin nəzarəti altında həyata keçiriləcək. Hətta əsas ulduzlar üçün belə istisna nəzərdə tutulmayıb.

Qeyd edək ki, Madrid “Real”ı Mourinyonun 2026-cı il iyunun 11-də komandanın baş məşqçisi postuna qayıtdığını rəsmən açıqlayıb. Portuqaliyalı mütəxəssis daha əvvəl 2010-2013-cü illərdə “Real”a rəhbərlik edib və Madrid klubu ilə İspaniya çempionluğu, ölkə kuboku və super kuboku qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: