İngiltərə milli komandasının və “Çelsi”nin mərkəz müdafiəçisi Trevo Çaloba bundan sonra karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun “Komo”ya keçidi rəsmən açıqlanıb.
İngiltərə millisinin üzvü yeni klubu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. “Çelsi” Çalobanın transferindən 30 milyon avro qazanacaq. Daha 6 milyon avro bonuslar şəklində nəzərdə tutulub.
Bundan başqa, tərəflər arasındakı müqaviləyə “Komo”nun futbolçunu gələcəkdə başqa kluba satacağı təqdirdə “Çelsi”yə müəyyən məbləğ ödəməsini nəzərdə tutan bənd də daxil edilib.
Xatırladaq ki, Trevo Çaloba “Çelsi”nin yetirməsidir. O, bu komandanın heyətində İngiltərə Kubokunu, UEFA Super Kubokunu qazanıb və klublararası dünya çempionatının qalibi olub. Çalobanın “Çelsi” karyerası bütövlükdə 151 oyun, 8 qol və 3 məhsuldar ötürmədən ibarətdir.
Çaloba karyerası ərzində “İpsviç Taun”, “Haddersfild Taun”, “Loryan” və “Kristal Pelas” kimi klublarda icarədə də olub.
Çaloba İngiltərənin U-16, U-17, U-19, U-20 və U-21 yığmalarında forma geyindikdən sonra 2025-ci ildə əsas millidə debüt edib. 27 yaşlı futbolçu hələlik yığmada 2 oyun keçirib.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


