Ferran Torres “Barselona”nı PSJ-yə dəyişdi

İspaniya çempionu “Barselona”nın mərkəz hücumçusu Ferran Torres bundan sonra PSJ-nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Fransa nəhənginin rəsmi saytına istinadən xəbər verir.

Paris təmsilçisi bu transfer üçün İspaniya klubuna 50 milyon avro ödəyib. 26 yaşlı ispan futbolçu PSJ ilə 5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.

Ferran Torres “Valensiya”nın yetirməsidir. 2020-ci ilin avqsut ayında “yarasalar” ispan hücumçunu “Mançester Siti”yə satıblar. 2022-ci ilin yanvar ayında isə “Barselona” Torresi 55 milyon avro məbləğ müqabilində “şəhərlilər”in düşərgəsindən öz heyətinə qatıb. Kataloniya klubunun ispan futbolçu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Torresin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi 207 oyun, 65 qol, 23 məhsuldar ötürmədən ibarətdir.

Ferran Torres 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 65 oyun keçirib, 25 qol vurub, 9 məhsuldar ötürmə verib.

Ferran Torresin qənimətlər muzeyində “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (2020/2021, 2022/2023) və İngiltərə Kuboku (2021), “Valensiya” ilə İspaniya Kral Kuboku (2018/2019), həmçinin “Barselona” ilə İspaniya La Liqası (2022/2023, 2024/2025, 2025/2026), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2022/2023, 2024/2025) var.

Torres İspaniya yığması ilə Avropa çempionu (AÇ-2024) və dünya çempionu (DÇ-2026) olub. Həmçinin Ferran yeniyetmə və gənclər səviyyəsində – İspaniyanın U-17 və U-19 yığmaları ilə də müvafiq olaraq 2017-ci və 2019-cu illərdə Avropa çempionatlarının qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: