“Fiorentina” Pelleqrinonu gətirdi, Pikkolini icarəyə verdi

Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Fiorentina” klubu hücum xəttində daha bir dəyişiklik edib.

Arena.az xəbər verir ki, Florensiya təmsilçisi “Parma”dan 25 yaşlı ispan hücumçu Mateo Pelleqrinonu transfer edib.

Klubun rəsmi saytının yaydığı məlumata görə, futbolçu ilə 5 illik rəsmi müqavilə imzalanıb. İtaliya klubu bu transfer üçün “Parma”ya 22,5 milyon avro ödəyib.

Pelleqrino ötən mövsüm “Parma”nın heyətində 37 A Seriyası matçında meydana çıxıb. O, bu görüşlərdə 9 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı ispaniyalı forvardın hazırkı bazar dəyərini 15 milyon avro qiymətləndirir.

“Fiorentina” eyni zamanda 25 yaşlı italiyalı hücumçu Roberto Pikkoli ilə yollarını ayırıb. Pikkoli 2026/2027-ci illər mövsümünü “Bolonya”da icarə əsasında keçirəcək.

İcarə müqaviləsinə müəyyən idman şərtləri yerinə yetirildiyi təqdirdə futbolçunun transfer hüquqlarının “Bolonya” tərəfindən məcburi satın alınmasını nəzərdə tutan bənd də daxil edilib.

Pikkoli ötən mövsüm Florensiya komandasının heyətində bütün turnirlərdə 43 rəsmi oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: