“Bolonya”nın kolumbiyalı müdafiəçisi Con Lukumi bundan sonra İtaliya A Seriyasının digər təmsilçisi “Yuventus”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə Turin klubunun rəsmi saytına istinadən xəbər verir.
Belə ki, “Yuventus” “Bolonya”dan Con Lukumini transfer etdiyini rəsmən açıqlayıb. 28 yaşlı kolumbiyalı müdafiəçi yeni komandası ilə 2030-cu il iyunun 30-dək müqavilə imzalayıb. Turinlilər bu keçid üçün “Bolonya”ya 20 milyon avro ödəyiblər.
Lukumi peşəkar karyerasına Kolumbiyanın “Deportivo Kali” klubunda başlayıb. 2018-ci ildə Belçikanın “Genk” komandasına keçən futbolçu burada əsas heyətə yüksələrək ölkə çempionatının ən yaxşı müdafiəçilərindən birinə çevrilib.
2022-ci ildən “Bolonya”nın formasını geyinən Lukumi son dörd mövsümdə klubun heyətində 152 rəsmi oyuna çıxıb. Kolumbiyalı müdafiəçi bu görüşlərdə 2 qola imza atıb. Onlardan biri UEFA Çempionlar Liqasında vurulub.
“Yuventus”un baş məşqçisi Lusiano Spallettinin sərəncamına keçən Lukuminin komandanın müdafiə xəttinə təcrübə və fiziki güc qatacağı gözlənilir.
Qeyd edək ki, Con Lukumi Kolumbiya millisində də çıxış edir. O, 2019-cu ildə debüt etdiyi yığmanın heyətində indiyə qədər 42 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.


