“Bayern”in ingilis hücumçusu Harri Keyn 2025/2026-cı illər mövsümünün ən yaxşı bombardiri kimi “Qızıl buts” mükafatına layiq görülüb.
Arena.az xəbər verir ki, mükafatlandırma mərasimi bu gün Münhen klubunun muzeyində baş tutub.
33 yaşlı futbolçu Almaniya Bundesliqasının 2025/2026-cı mövsümündə 31 oyunda 36 qol (72 xal) vurmaqla bu uğura nail olub.
Forvard Avropanın bütün liqalarında ən çox qol vuran oyunçu olub.
İngiltərənin “Mançester Siti” klubunun forvardı Erlinq Haland 27 qolla (54 xal) ikinci, İspaniya təmsilçisi “Real”ın futbolçusu Kilian Mbappe 25 qolla (50 xal) üçüncü yeri tutub.
Xatırladaq ki, Keyn “Bayern”dəki debüt mövsümündə (2023/2024) də “Qızıl buts” mükafatına sahib çıxmışdı. O, həmin vaxt da Bundesliqada 36 qolla yadda qalmışdı.
İngiltərəli futbolçu tarixdə “Qızıl buts”u iki dəfə qazanmış 10-cu oyunçu olub. Rekord isə bu mükafata 6 dəfə sahib çıxmış Lionel Messiyə məxsusdur.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 147 oyun, 146 qol və 33 məhsuldar ötürmədən ibarətdir.
İngilis hücumçu “Bayern”lə 2 dəfə Almaniya çempionu olub, 1 dəfə Almaniya Kubokunu, 1 dəfə Almaniya Super Kubokunu qazanıb.
Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 121 oyuna 85 qol və 20 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.
“Transfermarkt” internet-portalı 33 yaşlı ingilis hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


