“Tvente” və “Qarabağ” üçün alban və norveçli hakimlər

Futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə “Qarabağ” arasında keçiriləcək oyunların hakimləri açıqlanıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Niderland komandaları arasındakı oyunları albaniyalı və norveçli hakimlər idarə edəcəklər.

Bu komandalar arasındakı ilk qarşılaşma avqustun 20-də Enshede şəhərindəki “Qrols Veste” stadionunda təşkil ediləcək. Bu oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Oyunu albaniyalı hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Yucin Caya olacaq. Ona həmyerliləri Rejdi Avdo və Mario Şazivari kömək edəcəklər. Dördüncü hakim funksiyasını Emanuela Rusta yerinə yetirəcək. VAR-da italyan Canluka Aureliano, AVAR-da albaniyalı Albert Doda əyləşəcəklər.

Cavab oyunu isə avqustun 27-də Bakıda baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun start fiti saat 20:00-da səslənəcək. Bu matç Norveçdən olan hakimlər briqadasına tapşırılıb. FIFA referisi Rohit Saqqiyə həmyerliləri Anders Olav Dale və Ole Andreas Haukasen kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Marius Hansen Qrotta yerinə yetirəcək. VAR-da Kristoffer Hagenes, AVAR-da avstriyalı Alan Kijas əyləşəcəklər.

Xatırladaq ki, “Qarabağ” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”sunu (Ukrayna) mübarizədən kənarlaşdıraraq (0:1, 2:0) pley-offa yüksəlib. “Tvente” isə ötən raundda Slovakiyanın “Dunayska Streda” kollektivindən güclü olub – 6:0, 3:3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: