Lissabon “Sportinq”inin müdafiəçisi Usman Dyomande bundan sonrakı karyerasını İngiltərə çempionatında davam etdirəcək.
Arena.az xəbər verir ki, Kot-d’İvuardan olan futbolçunun “Nottingem Forest”ə transferi rəsmən açıqlanıb.
Klub 22 yaşlı müdafiəçi ilə “4+1” sistemi üzrə müqavilə imzalayıb. Tərəflər arasında anlaşmaya əsasən, əməkdaşlığın müddəti dörd il olacaq və müqavilənin daha bir mövsüm uzadılması imkanı nəzərdə tutulub.
Məlumata görə, “Nottingem Forest” Dyomandenin transferi üçün “Sportinq”ə 40 milyon avro ödəyib.
Usman Dyomande 2023-cü ilin yanvarından “Sportinq”in formasını geyinirdi. Bu müddətdə müdafiəçi Portuqaliya klubunun heyətində bütün turnirlər üzrə 132 rəsmi matçda meydana çıxıb. O, həmin görüşlərdə 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Danimarkanın “Midtyulland” klubunun yetirməsi olan Dyomande “Mafra”da da oynayıb. “Sportinq” onu 15 milyon avro müqabilində transfer etmişdi.
Dyomande 2023-cü ildə debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 15 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 42 milyon avro məbləğində qiymətləndirir.


