Portuqaliyanın “Benfika” klubunun xorvatiyalı hücumçusu Franyo İvanoviç bundan sonra “Lans”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, 22 yaşlı futbolçu 2026/2027-ci illər mövsümünün sonuna qədər “Lans”da icarə əsasında çıxış edəcək. Müqavilədə futbolçunun gələcəkdə transfer hüquqlarının alınması ilə bağlı opsionun olub-olmadığı barədə məlumat verilməyib.
Franyo İvanoviç ötən mövsüm “Benfika”nın heyətində rotasiya oyunçusu kimi çıxış edib. Xorvatiyalı hücumçu bütün turnirlər üzrə 31 rəsmi matçda meydana çıxıb və 5 qol vurub.
Gənc forvard Xorvatiya millisində də mütəmadi olaraq şans qazanır. O, milli komandanın heyətində indiyədək 9 görüş keçirib və 2 qola imza atıb.
“Transfermarkt” portalı İvanoviçin hazırkı bazar dəyərini 15 milyon avro qiymətləndirir. “Lans”da icarə müddətində futbolçu üçün əsas məqsəd daha çox oyun təcrübəsi qazanmaq və Liqa 1-də özünü göstərmək olacaq.


