Lionel Messi qol vurdu, “İnter Mayami” uduzdu – Video

Futbol üzrə Argentina milli komandasının hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi MLS-in 2026-cı il mövsümünün növbəti turu çərçivəsində “Toronto” ilə qarşılaşıb.

“Vağlar” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıblar – 1:2. Messi 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunu da 82-ci dəqiqədə argentinalı forvard vurub.

“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 21 oyundan sonra 39 xalla 2-ci pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 21 oyunda 11 qələbə qazanıb, 6 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 22 oyuna çıxıb, 17 qol vurub, 9 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 110 oyun, 94 qol və 53 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014, 2026) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: