Eşli Koul İngiltərə millisinin məşqçilər korpusunu tərk etdi

“Arsenal” və “Çelsi”nin sabiq müdafiəçisi Eşli Koul İngiltərənin U-21 yığmasının məşqçilər korpusundakı vəzifəsindən ayrılıb.

Arena.az xəbər verir ki, 45 yaşlı mütəxəssis son beş il ərzində İngiltərənin gənclər millisində baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərib.

U-21 yığmasının baş məşqçisi Li Karlsey Koulun komandaya verdiyi töhfəyə görə ona təşəkkür edib.

Qeyd edək ki, Koul cari ilin mart-iyun aylarında İngiltərə U-21 millisindəki işi ilə yanaşı, İtaliyanın B Seriyasında çıxış edən “Çezena”nın baş məşqçisi vəzifəsində də çalışıb.

Futbolçu kimi Eşli Koul uzun illər dünyanın ən yaxşı sol cinah müdafiəçilərindən biri hesab olunub. İngiltərə millisinin formasını 107 dəfə geyinən keçmiş müdafiəçi klub karyerasının böyük hissəsini “Arsenal” və “Çelsi”də keçirib.

Koul hər iki London klubu ilə çoxsaylı titullara sahib olub. O, üç dəfə İngiltərə çempionu, həmçinin Çempionlar Liqası və Avropa Liqasının qalibi olub. Bundan başqa, sabiq futbolçu İngiltərə Kubokunu rekord sayda — yeddi dəfə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: